Ermənistan (ordusu) – zəncirin sın(dırıl)mış halqaları...

Ermənistan (ordusu) – zəncirin sın(dırıl)mış halqaları...

Beləliklə, Azərbaycan əsgəri bu gün xüsusi əhəmiyyətli idealları yaşam tərzinə, həyat fəlsəfəsinə çevirməklə zaman-zaman ilk baxışdan gözə görünməyən reputasiyasını yenidən təsdiq edir və indiki məqamda daha çox yeraltı çayları xatırladır. 

Heç nə daxili vəzn və ahəngi bütöv bir orqanizm halına gətirən ayrı-ayrı ritmlərdən kənarda deyil. Rüşeymlərin varlığı faktın mütləq gələcəyini şərtləndirir. Yəni impulsiv fikirlər üzdə olan mətnlərdən çox, sətiraltı mənaların elçisidir. Həyatımızdakı aparıcı ideallara görə onların səhnə arxasındakı çəfakeş pleyadasına - Azərbaycan Ordusuna minnətdar olmalıyıq! Çünki göz önündəki obrazların mütləq əsəriyyəti məhz bu ordunun diqtəsilə danışır... 

Söhbət düşmən düşərgəsindən gedir. Genetik aşılanma, sayrışan nevroz, sinir partlayışları,  ideoloji qarşıdurma, kodların yenilənməsi zərurəti, bir sözlə, fərqli mühit və bu mühitin qaçılmaz sifarişinə çevrilən yanaşma tərzi ilk növbədə GÖZLƏNİLƏN bir qətlin tarixçəsini xatırladır. 

Dünənlərdə alt şüurda mürgüləyən iddiaların bugünlərdə bir az da GÖZLƏNİLMƏDƏN populyarlıq qazanması isə vəziyyətin kəskin dinamikasına eyham vurur. Və nəhayət, cəbhənin əsas qütbləri haqqında konkret fikir formalaşdırır. 
Ancaq həm də mövzunun özü mürəkkəbdir. Çünki ciddi kənar müdaxilələr var. Daxili və xarici auditoriyalar hadisələrin balıq bədəni kimi sürüşkən xarakterindən əziyyət çəkir. 
Tribunalar isə dəyişmir!  Dəyişən yanaşma tərzidir! Mikrafonların qarşısında fərqli mövqelərdən tıxac yaranıb! Ehtiraslar xaric səslərlə ifadə olunur! Hətta ən xırda etik normalar belə nota sığmır!
Biz indi "Görüş yeri”ndəyik ("Mesta vstreçi”). NTV telekanalında. Xanım aparıcı namus davasına qalxıb, od püskürür: 

"Ermənistan gəzəyən qızdır, əri olsa da, özünə gənc sevgili tapıb”. 

Milyonların diqqətini özünə çəkəcək qədər ağır ittihamdır! Semantikası qurbağa gölünə atılan daşı xatırladır! Və dərhal ilkin sual üçün yaşıl işıq yandırır: Niyə məhz Olqa Belova!? Yəni o boyda məmləkətdə tapdanmış namusa görə ayağa qalxacaq bir kişi tapılmadımı!!? 

Əsla! Monitorlarda ən nüfuzlu qurumların, bəlkə də ölkənin birinci şəxsinin dəsti-xətti açıq-aydın hiss olunur. Olqa Belova isə sadəcə yalançı görüntüdür; indi o, Sej Sarqisyanı, Serj Sarqisyanın komandasını həndəsi silsilə şəklində ən son həddədək, hətta "pol” əskisinə qədər alçaltmaqdan  ötrü lazımdır!  
Hərçənd düşmənimizin ayağısürüşkən qadın obrazında təqdimatı bizim üçün də təhlükəli mesajdır!
Beləliklə, xanım Belovanın əlilə qazılan iformativ cəbhə səngəri dərhal Oleq Barabanov,  Sergey Markov kimi hazırlıqlı "əsgərlərlə” komplektləşdirilir; Ermənistan ən rentabelli rezervlərlə yaylım atəşinə tutulur və bu zaman irili-xırdalı bütün arqumentlər nəfəs dərmədən darağa doldurulur; heç nə unudulmur, heç nə:

"Ermənistan guya müstəqil olduğunu göstərmək istəyir. Əslində isə Avropa İttifaqı ilə əməkdaşlığa Rusiyanın nəzarəti altında gedib!

İrəvanda Moskvaya qarşı iradlar var ki, PULU (!) az verir. 
Bizdə Njde məsələsi ilə bağlı münaqişə yaranıb! O, Hitlerin tərəfdaşıdır! Ermənistanda isə onu qəhrəman elan ediblər, şərəfinə heykəl qoyublar və s. və i...”

Bütün bunlar bir dövlətin varlığını şərtləndirən müəyyənedici atributları ən xırda elementinədək parçalayır, varlıqla yoxluq arasındakı fərqi az qala sıfıra endirir. Çünki xarici təsirlərin mobil yürüşü yalnız siyasi deyil, həm də milli mənəvi-psixoloji dəyərlərin üzərindən keçir və özündən sonra heç bir həyat nişanəsi qoymur. 
Öndə müqavimətsiz yalançı cəbhə maketi,  arxada isə xarabalığa bənzər dəhşətli bir mənzərə... 
Xüsusilə Serj Sarkisyanın ayağısürüşkən, özü də maddi təminatından gileyli qadın obrazında təqdimatından sonra bu mənzərəni izləmək hər bir erməni vətəndaşı üçün dözülməz əzaba çevrilir. O üzdən...
Daxili auditoriyada da vəziyyət gərgindir! Qaydasız döyüş gedir. Sarkisyan qapazaltına çevrilib. Hardan gəldi, necə gəldi, vurulur. Fərqlilik yalnız fondadır. Burada əsas ip ucu rolunu ordu oynayır. Yəni bütün ittihamlar öz başlanğıcını hərb müstəvisindən götürür. Silahlı qüvvələr bu ölkənin ən zəif yerinə çevrilib çünki: 

"Ordu deyil, bardaqdı..." 

Həmkarım Tevos Arşakyanın Ermənistan ordusu haqqında söylədiyi bu fikir istər-istəməz xanım Belovanı üstün mövqeyə çıxarır və öz etimologiyasına görə iddiaları "daşlaşmış” faktlarla sərtləşdirir. 
SİTAT: "Serj Sərkisyan televiziyalarda erməni ordusunun gücündən danışmağı çox sevir. Çünki nəzarətsiz hakimiyyətin bütün gözəlliklərindən dadıb və bu illər ərzində sadəcə elementar yığımla məşğul olub. Ordunu isə bəslədiyi generalların insafına buraxıb. Təbii ki, nəticə özünü çox gözlətməyib. Keçən ilin aprelində azərbaycanlılar qəfil zərbə nəticəsində Qarabağın bir sıra geniş ərazilərini tutmağı bacardı. Aprel fiaskosu böyük dərs idi, böyük!!!”

"Xalqın narazılığı”, "dəhşətli həqiqətlər”, "ordunun parçalanması” kimi ifadələr  Arşakyanın fikirlərini bütün süjet boyu artan dinamika ilə al rəngə boyayır və hər cümlənin sonunda durğu işarələrinin hökmünü daha da artırır. Sonradan öz mövqeyini Vova Vardanovun fikirlərilə bölüşməsi isə onun meydanda tək olmaması anlamına gəlir!..

SİTAT: ”Bizim hamımız üçün yenilik, həm də erməni kəşfiyyat-diversiya bölüyünün əsasını qoyan Vova Vardanovun bir müddət öncə mətbuata dedikləridir. Onun hər sözündə bizim ordunun, gənc uşaqların ağrıları (!)  hiss olunur. Zabitlər ancaq varlanmaq, əsgərlər isə tərxis olunmaq haqqında düşünür!!!”

Yeri gəlmişkən, "bu ilin əvvəlindən Ermənistan ordusunda ümumi itkilərin sayı 46 nəfər olub. Bunlardan 29 nəfəri həqiqi hərbi xidmətə çağırılanlar, 17-si isə müqavilə əsasında hərbi xidmət keçənlərdir."
Helsinki vətəndaş assambleyası Vanadzor ofisinin yaydığı son rəsmi məlumata oktyabr, noyabr və dekabr aylarındakı itkiləri də əlavə etsək, bu rəqəm 60-ı keçəcək.

Ancaq... 

"Qarabağ probleminin həll olunmaması səbəbindən, qorxuram ki, bu rəqəm son göstərici olmasın!"
Bu sözləri isə Ermənistanın birinci informasiya kanalına son müsahibəsində "Əsgər" koordinasiya şurasının sədri Marqarita Xaçatryan deyib:

"Biz hətta mina partlayışından həlak olanların ölüm səbəbini də düşməndən qorxub-çəkinmə faktı ilə əlaqələndiririk. Çox güman ki, erməni əsgərləri Azərbaycan əsgərlərinin mümkün həmlələrindən vahiməyə düşərək öz həyatlarını itirirlər!"

Bu yerdə diqqəti izlənən fikirlərdəki  əsas söz birləşmələrinə yönəldirəm: 

"Erməni əsgərlərinin ağrıları” və "Azərbaycan əsgərlərinin mümkün həmlələrindən yaranan vahimə...” 
Çünki indiki məqamda məhz bu fikirlər əsas informasiya daşıyıcısı qismində çıxış edir və real təhlilin təməl sütunu haqqında dolğun təəssürat yaradır: İki cəbhə arasındakı fərqlilik sistem xəstəliyini şərtləndirən patoloji anamaliyalarla müşaiyət olunur! 

Və bütün bunların gözlənilən nəticəsi kimi, reqressiya – sahillərin daralması prosesi siyasi, ictimai, mənəvi və psixoloji manevr imkanlarının məhdudlaşması  anlamına gəlir. Təbii reqressiv terapiya isə dinc erməni sakininə hətta ən uzaq keçmişdə baş verənləri xatırlamaq və olacaqlara dəyər vermək imkanı yaradır.

Bununla da, Vova Vardanovun fikirlərinə yenidən qayıtmaq zərurətini qaçılmaz edir:
 "Düşmənin istənilən istiqamətdə mümkün hücumu bundan sonra müdaxilədən çox, korrupsiya ilə parçalanmış erməni ordusunun arxasında təhlükəsiz gəzintisi olacaq!!!”

Hüquq müdafiəçisi Janna Aleksanyanın bundan dərhal sonra verdiyi  bəyanat isə Vova Vardanovu günün baş qəhrəmanına çevirir:

"Müdafiə nazirliyinin öldürməkdən başqa heç bir funksiyası yoxdur! Məmurlar isə övladlarının ordudan yayınmasını qanuniləşdirməyə, bununla da,  ancaq öz balalarını sığortalamağa çalışırlar!”
Beləliklə, hadisələrin kəskin dinamikası ilk növbədə akustik zədələrlə xarakterizə olunur, dinc erməni əhalisinin ağrı-acıları haqqında dolğun fikir formalaşdırır, nəhayət, reallıq hissini maksimum həddədək artırır. Qapı-pəncərələrin möhkəm-möhkəm bağlanması, insanların öz içinə qapanması isə indiki məqamda nəinki köməyə çatmır, əksinə, ilkin diaqnozu  xəstyəliyin panik hücumları kimi növbəti ciddi əlavə ilə arxa plana keçirir. 

İndi Ermənistan camiyəsindəki gurultunu eşitməyən çox az adam tapılar. Cünki bu gurultu onlara ilk növbədə yaxın keçmişin ən böyük faciəsini - Spitak zəlzələsini xatırladır! Yəni, növbəti təbii fəlakətin ilk mesajları da yenə torpaqdan gəlir! Əslində isə bu, o torpaqları özünə Vətən bilənlərin – Azərbaycan əsgərlərinin ayaq səsləridir!..

İbrahim RÜSTƏMLİ,
əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant

Xəbər 2485 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR