Bayrağa açılan pəncərələr... - Səbuhi Abbasov yazır

Bayrağa açılan pəncərələr...  - Səbuhi Abbasov yazır

 Səbuhi ABBASOV/ "7news" saytının baş redaktoru

 

 


İyulun 22-də 142-ci ildönümünü qeyd edəcək Azərbaycan milli mətbuatı tarixinə daha bir gün yazıldı. Azərbaycan Prezidentinin müstəqil medianın inkişafına, azad sözə, azad fikrə verdiyi dəstək sayəsində iyulun 20-i də tarixə düşdü. Dövlət başçısı həmin gün jurnalistlər üçün tikilən növbəti binada mənzillərin paylanılması mərasimində iştirak etdi, kütləvi informasiya vasitələrinin nümayəndələri ilə səmimi görüşdü, dərin məzmunlu, proqram xarakterli nitq söylədi.

 Mərasimdə ölkə rəhbərinə "Jurnalistlərin dostu” mükafatı təqdim olundu və dövlətimizin başçısı bu xoş məqama belə münasibət bildirdi: Bu yüksək ada görə bütün Azərbaycan jurnalistlərinə minnətdarlığımı bildirmək istəyirəm. Mən də tam əminəm ki, bizim dostluğumuz əbədi olacaq. Sizi bir daha qarşıdan gələn peşə bayramınız münasibətilə təbrik edirəm, cansağlığı, uğurlar arzulayıram...

 

...Beləcə, 142 il öncə, Azərbaycanın ucqar bir bölgəsində dünyaya göz açan "Əkinçi” qəzetinin əkdiyi toxumlar iyulun 20-də müstəqil Azərbaycan dövlətinin paytaxtında, üç rəngli müqəddəs bayrağımızın ucaldığı meydana gözlə görünəcək qədər yaxın məsafədə bir qədər də boy atdı. Elə boy atdı ki, pəncərəsi Bayraq Meydanına açılan evlər qədər ucaldı...

Jurnalistlər üçün ucaldılan bu binalarda yaşamağın xoşbəxtliyini sözlə ifadə etmək mümkün deyil. Təsəvvür edin, pəncərən Bayrağa açılır. Günə əzəmətli Azərbaycan bayrağının hər titrəyişindən, hər çırpıntısından qürur duyaraq başlayırsan... Bundan gözəl, bəxtəvər anlar, nə ola bilər ki!..

İyulun 20-ni tarixə çevirən təkcə jurnalistlər üçün inşa olunan ikinci binanın açılışı və üçüncü binanın təməlqoyma mərasimləri deyildi... Düzdür, həmin mərasimlərin hər anı bir tarix idi, hər anı bir insan ömrünün ən işıqlı, ən fərəhli dəqiqələrinin sevinc və qürur abidəsinə çevrilməsiydi...

Prezident danışırdı... Baxışlarında qürur, gözlərində xoş gələcəyə daha böyük ümid və sevinc işartıları!

Bəli, bütün çətinliklərə, maneələrə baxmayaraq, Azərbaycan dövlətinin azad sözə, Mirzə Cəlilin "Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir” – deyə öydüyü yazar əxlaqına, Azərbaycan mətbuatının tarixi ənənələrinə, mənəvi yükünə, bu gününə, sabahına sahib çıxa biləcək qədər güclənməsiydi ölkə Prezidentini qürurlandıran, fərəhləndirən...

...Jurnalistlər üçün inşa edilən binanın açılış mərasimində ən kövrək, həyəcanlı, gözləri yaşardan anlar "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya proqramları studiyasının direktoru Mehriban Məmmədovanın çıxışı zamanı yaşandı: "Cənab Prezident, Sizin bir dövlət başçısı kimi ölkəmizin hər bir vətəndaşına göstərdiyiniz böyük diqqət və qayğı hamımıza yaxşı məlumdur. Lakin mən öz şəxsi həyatımın timsalında konkret bir nümunə göstərmək istərdim. Səkkiz yaşım olarkən ailəmlə birlikdə doğulduğum, uşaqlığımı keçirdiyim Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən məcburi köçkün düşmüşəm. Yaşım az olsa da, o ağrılı, faciəli günlərin şahidi olmuşdum. 24 ildən sonra erməni vandallarının viranə qoyduğu həmin kənd Sizin böyük əzminiz, siyasi iradəniz sayəsində yeni həyatına qovuşdu. Bu gün az qala modern bir şəhəri xatırladan Cocuq Mərcanlı Qarabağa "Böyük Qayıdış”ın simvoluna çevrilib. Vaxtilə Cocuq Mərcanlıdan qaçqın düşən o körpə bir qız indi dövlətin bütün qayğısı ilə əhatə olunub və ev alır.

Bu gün mən kəndimizə qayıdışdan sonra həyatımın ən böyük növbəti sevincini yaşayıram. 255 jurnalist həmkarımla birlikdə bu yaraşıqlı binada – Jurnalistlər Evində mən də mənzil alıram. Jurnalistlər Evi! Jurnalistlər şəhərciyi! Elə bir ev və şəhərcik ki, pəncərədən baxanda dünyanın

ən hündür bayraq dirəyindən asılmış müqəddəs bayrağımızın dalğalandığını görəcəyik. Elə bir ev ki, pəncərələri dünyanın ən böyük gölünə – Xəzərə açılır. Bu böyüklüklər yalnız fiziki, coğrafi anlamda qalmayıb, mahiyyətcə böyüklük, dərinlik daşıyır. O bayraq dirəyini Siz ucaltmısınız, o əzəmətli bayrağı ora kövrələrək Siz qaldırmısınız. Xəzəri əməkdaşlıq hövzəsinə Siz çevirmişiniz, cənab Prezident”.

Erməni işğalçılarının viran qoyduğu və müstəqil Azərbaycan dövlətinin cənnətə çevirdiyi Cocuq Mərcanlı kəndinin sakini, öz doğma evini 8 yaşında tərk etmək məcburiyyətində qalan qızcığaz jurnalistlər üçün inşa edilən binada mənzil sahibi olurdu...

... Doğma yurdu Cocuq Mərcanlının bəxtinə gün doğduğu ilin, ayın bu vədəsində uşaqlığı 8 yaşından o tərəfə keçməyən Mehriban jurnalistlər üçün inşa edilən binada xoşbəxt gəncliyini yaşayacaq və kəndini yağı caynağından qoparan sevimli dövlət başçısına xəyallarını gerçəkləşdirdiyinə görə daim minnətdarlığını bildirəcək. Burada- məskunlaşdığı "Jurnalistlər şəhərciyi”ndə rahatlığına, bəxtəvər günlərinə, orada-- Cocuq Mərcanlıda doğmalarının yaşayışına, gün-güzəranına görə cənab Prezidentlə hər zaman ürəyində həmsöhbət olacaq, "biz çox xoşbəxtik ki, Sizin kimi xeyirxah bir dostumuz, dünyada böyük nüfuz və söz sahibi olan Prezidentimiz var”, -deyəcək...


 

Beləliklə, jurnalistlər üçün ucaldılan hər iki binadan ümumilikdə 666 qələm əhli yararlanıb. Bu, dünyanın heç bir dövlətində rast gəlinməyən bir hadisədir, xeyirxahlıqdır. Bu, Azərbaycan Prezidentinin jurnalistlərin həyat səviyyəsinin yüksəldilməsini daim diqqqət mərkəzində saxlamasının bariz nümunəsidir.

Qalır bu qayğının müqabilində jurnalistlərin yazılarıyla müstəqilliyimizə, dövlətçiliyimizə ləyaqətlə xidmət göstərmələrinə, mən öz həmkarlarım adından əminliklə bildirirəm ki, KİV sahəsində çalışan hər bir həmkarım bu şərəfli missiyanı vicdanla yerinə yetirəcək, möhtərəm Prezidentimizin ümidlərini doğruldacaqlar.

Son olaraq:

İyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada mənzillərin paylanılması mərasimində yaşanan sevinc dəqiqələrini Mehriban Məmmədova ilə birgə onun əməkdaşı olduğu "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin digər işçiləri də öz həyatında əlamətdar bir tarix kimi heç zaman unutmayacaq, bunu həm də AzTV-də onlara yaradılan şəraitin təzahürü kimi qiymətləndirəcək və öz fəaliyətlərilə Prezident İlham Əliyevin "hər bir jurnalist mənim köməkçimdir” ifadəsinin həqiqiliyini sübuta yetirəcək, medianın ümumi gücündən yararlanaraq uğurların təbliğində, cəmiyyətdəki problemlərin üzə çıxarılmasında vətəndaş-jurnalist mövqelərini ortaya qoyacaqlar.

 

Xəbər 1301 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR