2004-2017-ci illərdə Azərbaycanda qeyri-neft sektoru 2,2 dəfə artıb

2004-2017-ci illərdə Azərbaycanda qeyri-neft sektoru 2,2 dəfə artıb

2004-2017-ci illərdə Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun (ÜDM) həcmi real ifadədə 3,2 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsulu istehsalı 1,7 dəfə, büdcə gəlirləri 13,5 dəfə, əhalinin nominal gəlirləri 8,6 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 3 dəfə, orta aylıq nominal əmək haqqı 6,8 dəfə, minimum əmək haqqı 12,9 dəfə artıb.

"APA-Economics”in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan partiyasının saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, işsizlik səviyyəsi 9,2%-dən 5%-ə, yoxsulluq səviyyəsi isə 44,7%-dən 5,4%-ə enib: "Dünya Bankının məlumatlarına görə 2003-2016-cı illər ərzində Azərbaycan alıcılıq qabiliyyəti pariteti üzrə hesablanmış ÜDM–in adambaşına həcminə görə 59 pillə irəliləyərək 221 ölkə arasında 78-ci yerə yüksəlib. Davos Ümumdünya İqtisadi Forumunun hesablamaları ilə müəyyən edilib ki, ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə 2003-cü ildə 125 ölkə arasında 64-cü yeri tutmuş ölkəmizin reytinqi 2017-ci ildə 137 ölkə arasında 35-ci yerə yüksəlib”.
Komitə sədri bildirib ki, 2016-2017-ci illərdə dünya iqtisadiyyatında baş vermiş neqativ meyllərin Azərbaycan iqtisadiyyatına təsiri minimuma endirilib, müasir çağırışlara cavab olaraq kompleks tədbirlər həyata keçirilib, ölkədə yeni islahatların əsası qoyulub: "Belə ki, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını, insan kapitalından səmərəli istifadə etmək məqsədilə ölkədə həyata keçirilmiş iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün ölkə başçısının tapşırığına əsasən qısa müddət ərzində iqtisadiyyatın mövcud vəziyyəti dərindən təhlil edilmiş və milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edilərək onların həyata keçirilməsinə başlanılıb. İqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq iqtisadi inkişafın keyfiyyətcə yeni modeli formalaşdırılıb. Qeyd olunanların nəticəsidir ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsinə, həmçinin Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) neft hasilatının azaldılması ilə bağlı təşəbbüsə qoşulmaqla Azərbaycanda neft hasilatının azalmasına baxmayaraq, qeyri-neft sektorunun artımı hesabına 2017-ci ildə əvvəlki illə müqayisədə ümumi daxili məhsulun artımı qeydə alınıb. 2017-ci ildə iqtisadiyyatın nəqliyyat və anbar təsərrüfatı sahələrində yaradılmış əlavə dəyər əvvəlki illə müqayisədə 8,5%, informasiya və rabitə sahələrində 6,6%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,9%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2%, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 2,5%, digər sahələrdə 1,5% artıb”.

O qeyd edib ki, sənayenin qeyri-neft bölməsi üzrə 2004-2017-ci illərdə istehsal 2,2 dəfə və ya orta hesabla hər il 5,7% artıb: "Güclü sənaye potensialının inkişafı üçün ölkədə zəngin xammal bazasının mövcudluğu, çoxprofilli sənaye kompleksinin yaradılması istiqamətində imkanların səfərbər edilməsi hesabına bu sahənin inkişafı üçün güclü zəmin yaradılıb. Qeyri-neft sənayesinin ənənəvi sahələrində keyfiyyət dəyişmələri baş verib, yerli xammal və materiallardan istifadəyə üstünlük verilməsi bir sıra sənaye məhsulları üzrə ölkənin ehtiyaclarının təmin edilməsinə imkan yaradıb. Ət və süd məhsulları, duz, meyvə və tərəvəz konservləri, mineral sular, sement və klinkerlər, gips, əhəng, alçipan, kərpic, betondan tikinti blokları, armatur, alüminium və ondan alınan məmulatlar və s. bir sıra sənaye məhsulları ilə ölkənin özünütəminetmə səviyyəsi digər sənaye məhsulları ilə müqayisədə daha yüksək olub. Ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya və rabitə iqtisadiyyatın qeyri-neft sektorunun ən sürətlə inkişaf edən sahəsi olub. 2003-cü illə müqayisədə 2017-ci ildə göstərilmiş informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 11,2 dəfə və ya hər il orta hesabla 18,8 faiz artıb”.

Komitə sədri vurğulayıb ki, 2017-ci il ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,3 mlrd. manatlıq və ya 2003-cü ilə nisbətən real ifadədə 3,8 dəfə çox məhsul satılıb: "İstehlak məhsullarının 11,8%-i ticarət müəssisələri, 55,5%-i fərdi sahibkarlar tərəfindən, 32,7%-i isə bazar və yarmarkalarda satılıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə pərakəndə ticarət dövriyyəsi 2003-cü ilə nisbətən müqayisəli qiymətlərlə 2,4 dəfə artaraq 17,9 mlrd. manata bərabər olub, qeyri-ərzaq məhsullarının dövriyyəsində real ifadədə 8,7 dəfə artım müşahidə edilib. Ölkə əhalisi tərəfindən qeyri-ərzaq məhsullarının alınmasına meyl ilbəil artıb. 2003-cü ildə ticarət şəbəkəsində satılan istehlak məhsullarının dəyərinin yalnız 30,8%-i qeyri-ərzaq məhsulları olduğu halda, 2017-ci ildə bu göstərici artaraq 49,3% təşkil edib”.

Xəbər 526 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR