2 qardaşı güllələyərək öldürən bank əməkdaşına ömürlük cəza - (FOTOLAR)

2 qardaşı güllələyərək öldürən bank əməkdaşına ömürlük cəza - (FOTOLAR)

Bakı Apellyasiya Məhkəməsində Qaradağ rayon sakini Zaur Tərlanovun (1984-cü il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə məhkəmə prosesi başa çatıb. 

Aktual.az xəbər verir ki, 2015-ci il yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonun Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında yaranan mübahisə zamanı özünə məxsus "Vinçester” markalı odlu silahdan Sahil qəsəbəsinin girişində, yolun kənarında dayanmış "Lexus” markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cahid Rəhimov (1980-ci il təv.) və qardaşı Cavidə (1985-ci il təv.) bir neçə dəfə atəş açaraq, onları qəsdən öldürüb və hadisə yerindən qaçıb. Daxil olmuş məlumat əsasında hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin edilib. Həmin gün Z.Tərlanov Qaradağ RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa cəlb edilib. İlkin məlumata əsasən, dindirmə zamanı, saxlanılan şəxs cinayəti qısqanclıq zəmnində törətdiyini bildirib. Məlum olub ki, Zaur Tərlanov Qaradağ rayonunda fəaliyyət göstərən "Bank Standard"ın əməkdaşı olub. 
 
Zaur Tərlanov ittiham üzrə özünü təqsirli hesab etməyərək, qeyd edib ki hadisə zamanı özünü yalnız müdafiə edib.

Təqsirləndirilən şəxs ifadəsində Rəhimov qardaşları tərəfindən dəfələrlə təhqir olunduğunu bildirib. "Mənim yerimdə kim olsaydı, bu hadisəni törədərdi. 4 ay müddətində hər gün təhqir olunmuşam, dəfələrlə qabağımı kəsiblər. Mənim Cavidlə münasibətim olub, qardaşını isə tanımamışam, heç tanımaq da istəməmişəm. Cavidlə çayxanada tanış olmuşuq, hətta onun toyundada iştirak etmişəm. Özüm qəsəbədə fəaliyyət göstərən bank filialında işləyirdim. Onların anaları Nigar Rəhimovanı da tanıyrıdım. Bizim banka gəlib, bir neçə dəfə kredit alıb".
  
Tərlanovun sözlərinə görə, həmin gün çayxanada Anar adlı dostu ilə oturub, Cavid zəng eləyib deyib ki, pul lazımdır. Bir az keçmiş İki qardaş içəri girib və onunla söhbətləri olduğunu bildiriblər. "Maşınlara minib dal-qabaq dəniz kənarına getdik. Cavidlə Cahid düşüb, mənim maşınımın yanına gəldilər və söyərək, tələd elədilər ki, mən də düşüm. Qorxumdan, qapıları bağladım. Maşında silahım var idi, bir müddət əvvəl qanuni sənədlər əsasında almışdım, ara bir dayıma məxsus fermada istifadə edirdim. Maşından düşdüm və silahı nümayiş etdirərək, onlara xəbərdarlıq elədim ki, yaxın gəlməsinlər. Amma Rəhimovlar yenə də söyüşlər söyərək, dedilər ki, güllə atmağa hünərim çatmaz. Sonrası yadımda deyil, ordan qayıdanda post-patrul maşını gördüm və yaxınlaşaraq, onlara hadisəni danışdım. Tərlanov Rəhimov qardaşlardan birinin əlində tapanca, digərində isə bıçaq olmasını qeyd edib. " Mən prokurorluğda müstəntiqə bu barədə desəm də, o mənə, hadisə yerinin müayinəsi zamanı silahların aşkar olunmadığını bildirib. Hesab edirəm ki, onlar məni qəsəbə kənarına öldürməyə aparıblar”.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Tərlanov ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkumun müdafiəçisi apellyasiya şikayəti verib. 

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.








Xəbər 1019 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR