178 dövlət əmlakı özəlləşdirilir

178 dövlət əmlakı özəlləşdirilir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 8 may tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

Komitədən Aktual.az-a verilən məlumata görə, budəfəki hərracda müxtəlif çeşidli 178 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 22-si səhmdar cəmiyyətləri, 93-ü kiçik dövlət müəssisə və obyekti, 60-ı istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı, Gəncə, Sumqayıt, Cəlilabad, Sabirabad, Şəmkir, Şirvan və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 14 kv.m ilə 5000 kv.m arasında dəyişir.
Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Tərtər, Yevlax, İsmayıllı və digər şəhər və rayonlarda yerləşir. Prosesə çıxarılan müəssisələr sırasında Mingəçevirdə yerləşən Quşçuluq yardımçı təsərrüfatı, Şəmkir yun tədarükü məntəqəsi, Qusar Tədarük Satış Bazası kimi iri dövlət əmlakları var.

Sənaye sahəsində fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. Samux rayonunda yerləşən "Seyidlər üzüm emalı zavodu" dövlət müəssisəsi belə əmlaklardandır. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 250 kv.m-ə yaxın, torpaq sahəsi isə 26 mindən çoxdur. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin əmlakın fəaliyyətinin genişləndirilməsi yeyinti, konservləşdirilmiş məhsulların hazırlanmasına, daxili tələbatın ödənilməsinə öz töhfəsini verə bilər.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Nərimanov rayonunda yerləşən 7 saylı mağazanı misal göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 400 kv.m-ə yaxındır.

Xəbər 448 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR