10 yaşlı Nurayın üzü göstərilməməli idi - EKSPERT

10 yaşlı Nurayın üzü göstərilməməli idi - EKSPERT

Sosial şəbəkələrdə 10 yaşlı Nurayla bağlı video geniş müzakirələrə səbəb olub. Nurayın illər əvvəl anası ilə birgə tərk edən atasına məcburi verilməsinin yer aldığı görüntülərdən görünür ki, uşağı xalasından zorla ayırmaq istəyirlər. Quba məhkəmə icraçıları onun azyaşlı olmasını belə nəzərə almayıb.
Bəs, kadrlarda Nurayın üzünün göstərilməsi nə qədər doğru idi? Aktual.az-ın sualını media hüququ üzrə ekpert Ələsgər Məmmədli cavablandırır:

- Uşağın üzünün göstərilməsi yanlışdır. Nurayın üzü mozaiklə bağlanmalıydı. 
- Niyə?
- Burda iki önəmli məsələ var. Birincisi qanunvericilik, ikincisi jurnalist etikası tərəfi. 
2016-cı ildə qüvvədə olan KİV haqqında Qanuna 11-ci maddəyə 4-cü bənd əlavə edilib. Həmin bənddə deyilir:
- yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol verilmir.
Nurayın başına gələnlərə baxdıqda, o, zərər çəkmiş şəxsdi. Ona qarşı mənəvi və fiziki işgəncə tətbiq edərək, onun iradəsinin ziddinə gedib, onu zorla biolojik atası olduğu söylənən şəxsə əşya kimi veriblər. Zərərçəkən kimi onun mənafeyini qanun qoruyur. Onda qanuni təmsilçi məsələsi gündəmə gəlir. Burda da bir dilemma var. Məhkəmə qərarına görə Nurayın bioloji  "atası" qanuni təmsilçidir, lakin eyni zamanda onun mənafelərinə zərər verən tərəf də atasıdır. 
- Belə olan halda onun razılığı nə qədər legitimdir? 
- Bu ciddi sualdır. Xalaya gəldikdə, rəsmi olaraq ondan qanuni təmsilçilik alınıb. Beləliklə, xalanın razılığı hüquqi keçərli razılıq deyil.
Gördüyümüz kimi məsələ mürəkkəbdir. Bu halda Nurayı qorumalı olan dövlət qurumları olmalıdır, halbuki onlar da uşağa zərər vermiş, onun mənəvi və fiziki işgəncəyə uğramasına dəstək olmuşlar.
Odur ki, bu hadisə ictimai əhəmiyyət daşıdığından, media bunu icazə olmadan işıqlandıracaq. Çünki, Nurayın mənafeyi bunu tələb edir.
Amma onun üzünün göstərilməsi düşünürəm ki, etik baxımdan zəruri deyildi. Jurnalist etikası gərəyi üzü açıq vəziyyətdə verilməli deyildi.
Əlbəttə onun görüntülərini vermək zəruri idi, amma üz cizgilərini tanınacaq vəziyyətdə vermədən də problemi çatdırmaq olardı.
Uşağın inkişafını, ətraf mühitlə, uşaqlarla, məktəblə münasibətlərini nəzərə almaq lazımdır. Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydalarının 3.9-cu bəndində belə bir məqam var:
...Daha vacib ictimai əhəmiyyət kəsb edən maraqların mövcud olduğu hallar istisna olmaqla, jurnalist uşaqların şəxsi həyatı barədə məlumatları və ya fotoşəkilləri dərc etməməlidir. Jurnalist faciə və ya cinayət əməli nəticəsində zərər çəkmiş, yaxud belə hadisələrə cəlb edilmiş uşaqların kimliyini mütləq qorumalıdır.

Aktual.az
Xəbər 2502 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR